"Biz azad olmaq üçün qanunun qulu olmalıyıq!"

Saytda axtarış :

Sorğu

Beynəlxalq Təşkilatların (ATƏT-in Minsk qrupu, BMT, AŞ) Dağlıq Qarabağ məsələsində fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

Bəli
Xeyr
Kifayət qədər məlumatlı deyiləm

 
 

Partnyorlarımız

Türkiyədə keçirilən parlament seçkilərinin analizi-Nuranə Çopurova

 

Ötən həftə iyunun 7-də Türkiyədə keçirilən parlament seçkiləri gözlənildiyi kimi yenə də qızğın keçdi. Seçki öncəsi siyasi partiyaların meydanlarda bir-birinə əzələ nümayişi seçkilərin nəticələrinə, o cümlədən xalqın siyasi iradəsinə təsir etmiş oldu. Seçkilərin əsas nəticəsi 13 ilə yaxındır hakimiyyəti təkbaşına əlində saxlayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tək hakimiyyətliyi itirməsi oldu. Bu isə 63-cü Türkiyə hökumətinin qurulması üçün koalisiya danışıqlarına başlanması və çoxpartiyalı hökumətin formalaşdırılması deməkdir. Amma 92 illik cumhuriyyət tarixi Türkiyədə koalisiya hökumətlərinin qısa müddətə və siyasi ziddiyətlər şəraitində mövcud olduğunu göstərir. Hazırki baş nazir Əhməd Davudoğlunun təbirincə desək, Türkiyədə heç bir koalisyon hökumət uğur qazanmayıb. Proporsional seçki sisteminə əsaslanan builki seçkilərdə Türkiyə Böyük Millət Məclisinin yeni heyətinə 20 siyasi partiya və 165 müstəqil namizəd iddialı olub.Lakin siyasi mübarizə daha çox iqtidar partiyası olan AKP, ana müxalifət partiyası Cumhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və etnik kürdləri və digər azsaylı xalqları təmsil edən Halkların Demokratik partiyası (HDP) arasında gedirdi.

İlkin açıqlamalara görə, səsvermə hüququ olan 53 milyon 765 min 231 seçicidən 70 faizə yaxını səsvermə hüququndan istifadə edib.

Mərkəzi Seçki Qurumunun ilkin açıqlamalarında görə hakim AKP son 13 ildəki bütün seçkilərdə olduğu kimi, bu dəfə də üstünlüyünü saxlayıb və 4-cü dəfə parlament seçkilərini qazanıb. Hakim AKP-nin 41 faizlə liderlik etdiyi seçkidə ana müxalifət səslərin - CHP 25,2, MHP 16,5, DHP 12,9 fazini toplayıb. Qalan 16 partiya və 165 müstəqil namizəd isə səslərin 4,8 faizini qazana bilib.

Beləliklə də AKP bu seçkidə Türkiyəni təkbaşına idarə etmək şansını itirmiş olub. Bunun üçün parlamentdə AKP-nin 267 nəfərlə təmsil olunmalı idi, ancaq AKP TBMM-ə 258 deputat keçirə bilib. Mandatların 132-si CHP-nin 82-si MHP-nindir. 10 faizlik baryeri aşaraq 12,9 faiz səs toplayan HDP parlamentdə 78 deputatla təmsil olunacaq.

Türkiyədə ötən əsrin 80-ci illərindən davam edən terror və kürd seperatçılığı siyasətə təsirsiz ötüşmədi. Belə ki, HDP öncədən söylədiyi kimi sülhə və demokratiyaya sadiq qalacağını açıqlasa da, seçki gününə bir neçə saat qalmış özünün radikal və bölücü çıxışları ilə, həmçinin ölkə prezidenti Rəcəb Tayyib Erdoğana olan kinindən dolayı seçicilərinin iqtisadi rifaha deyil, məhz etnik kimliyə söykənərək partiyasına səs istədi. Belə olan halda radikal sol və bölücü kürdlər,ermənilər AKP və CHP-yə deyil, məhz HDP-yə səs verdilər. Bununla da illərdən bəri seçki baryerini aşa bilməyən HDP 12.9%-lə parlamentə daxil ola bildi.

Türkiyədə keçən əsrin 70-ci illərindən ana müxalifət partiyası funksiyasını yerinə yetirən qurucusu Mustafa Kamal Atatürk olan CHP bu seçkilərdə nəzərə çarpmayacaq dərəcədə səs itirdi. Bunun da çeşidli səbəbləri var. CHP-nin başında duran Kamal Kılıçdaroğlu özünün sələfi olan Deniz Baykal qədər karizmalı və təcrübəli deyil, ikincisi partiya başqanı ayrı - ayrı şəhərlərdən göstərdiyi namizədlər xalq arasında populyar kimliyə sahib deyildilər, ən başlıca səbəb isə xalq boş və quru vədlərə deyil,reallığı görüb əməli işə səs verdi. Hətta nəticələr CHP üçün o qədər gözlənilməz oldu ki, partiya sədrinin doğma məmləkəti Tuncelidən bir nəfər belə namizəd çıxara bilmədilər Türkiyə Böyük Millət Məclisinə ( TBMM ).

Türk siyasətində yeganə partiya olaraq MHP öz dəsti-xəttini, artıq illərdir qorumaqdadır. 600 illik Osmanlı tarixinə sadiq qalaraq əcdadlarının milli ruhunu özündə kökləyən milliyətçilər bu seçkilərdən də alnı açıq çıxdılar. Lakin Azərbaycan türklərinin kompakt halda yaşadığı İğdır və Qarsdan tək bir namizəd belə çıxara bilməməsi MHP üçün ağır oldu. Bunun da əsas səbəbi soydaşlarımızda el birliyinin olmaması idi. Bütün bunlara baxmayaraq MHP səs sayına görə 3-cü partiya olaraq Məclisə girdi.

Göründüyü kimi seçkilərin nəticəsində hakim partiya qalib olsa da, ölkə qanunvericiliyi təkbaşına hökuməti qurmağı özündə ehtiva etmir. Bu üzdən bütün siyasi analitiklər koalisyon hakimiyyətin qurulmağını qaçılmaz sayır. Belə olan halda bəzi politoloqlara görə:

 AKP HDP ilə hökumət qurarsa, Türkiyə siyasətindən silinib gedər.

 MHP ilə hökumət qurmaq AKP-nin ürəyindən olsa da, MHP buna getməyəcək.

 CHP ilə seçimöncəsi də bir-birilərinə qarşı sərt olmuşdular. Sərtlik Türkiyə siyasəti üçün normal olsa da, bu iki partiyanın hökumət qurması mümkün görünmür.

 CHP - MHP - HDP hökuməti də mümkün deyil. Məsələ MHP və HDP-dir.

Bütün bu sadaladıqlarımızı nəzərə alsaq nə baş verə bilər?

-Ərdoğan seçimi arxa plana keçirmək üçün Türkiyəni Suriyada müharibəyə sürükləyə bilər.

-Abdulla Gül məsələsini işə sala bilərlər və partiyaya əl qoya bilər. Ərdoğan dövrü qapanar.

-Erkən seçimə gedilər. Hazırki durumda iqtisadi kriz yaratmaqla onlar olmadan Türkiyənin problemə sürüklənəcəyini seçiciyə göstərmək. Məsələ yalnız bu deyil. Kürdlərlə arxa planda alver edə bilər. Bu seçimdə AKP-yə deyil, öz partiyalarına səs verməklə 6 faizdən 13 %-ə yüksələn HDP ilə məsələni çözmək. Yenidən həmin seçicini AKP-yə qaytarmaq. Bunun da şərtləri ağır olacaq.

 

Seçkilərin regiondakı siyasi vəziyyətə təsiri.

Qardaş Türkiyə demokratiya yoluna sadiqliyini bir daha nümayiş etdirdi. Ötən bazar baş tutan növbəti parlament seçkiləri Türkiyə xalqının demokratik özünütəsdiqinin yeni nümunəsinə çevrildi. Bunun da əsəsında təbii ki milli birlik və bərabərlik dururdu.

Regionda cərəyan edən siyasi proseslər Türkiyə üçün heç də xoşagələn deyil. Daim münaqişə ocaqlarının mövcud olduğu Qafqaz, Mesopatamiya ovalığı günü bugün də bu hadisələrə şahidlik edir. Artıq bir neçə ildir Suriyada davam edən vətəndaş müharibəsi,İraqda olan sünni və şiə qrupların bir-biri ilə savaşması regionun nə qədər mürəkkəb olduğunu gözlər önünə sərir. Belə bir şəraitdə siyasi islamçı partiya olan AKP-nin seçkilərdə qalib olduğu halda məğlub duruma düşməsi hakimiyyəti hərəkətə gətirib. Suriya ilə soyuq savaş halında olan Türkiyə sözsüz ki,əvvəlki tək gizli və ya açıq dəstək verə bilməyəcək Əsədə qarşı vuruşan birliklərə. Əgər olası bir koalisyon hakmiyyət yaranarsa,bu bütün tərəflərin maraqlarını özündə əks etdirməlidir.Bu maraqlar isə AKP iqtidarı ilə toqquşmaqdadır. Bütün bunların fonunda bir də terrorist təşkilat olan PKK ilə siyasi danışıqlar da artıq rəfə qaldırılacaq. Çünki AKP ilə koalisiyaya gedəcək əsas iki müxalifət partiyasının heç biri terror təşkilatı ilə danışıqlara razı deyil. Belə olan halda Ədalət və İnkişaf Partiyası öz daxili siyasətində kardinal dəyişikliklər etmək zorundadır. Əgər bu dəyişikliklər olunmazsa, xalqın və ictimaiyyətin basqısı bir tərəfdən, cumhuriyyət yandaşları, siyasi partiyalar və siyasi fiqurların hərəkətlənməsi də digər bir tərəfdən mövcud iqtidarı sıxışdıracaqdır. Hadisələrin xronikası göstərir ki,artıq AKP-də sağlam fikirli nəsil bu dəyişikliyi öz siyasətində ehtiva edir və yaxın günlərdə region üçün böyük əhəmiyyət daşıyan qərarlar veriləcək. Milli iradəni əsas tutan siyasi elitanın gözləntisi də bundan ibarətdir. Ya mövcud iqtidar seçkidən sonra istər Suriya,istərsə də kürd və erməni siyasəti ilə bağlı etdikləri güzəştləri dayandıracaq və birdəfəlik proqramından çıxaracaq, əks halda isə siyasi iqtidar partiyasının özünün belə var oluşu sual altına düşə bilər.

Yerləşdiyi mürəkkəb regiona baxmayaraq Türkiyə həm də Avropa Birliyi ilə danışıqlar aparır. İllərdir davam edən bu danışıqlar haqqlı olaraq deyildiyi kimi xristian klubu tərəfindən qəbul olunmur. Tarixdə Osmanlı dövlətinin avropalılara ərmağan etdiyi ədalət və mədəniyyət,bugün işğal və bölücülük kimi anlaşılır. Lakin Türkiyənin siyasi dairələri artıq anlayırlar ki,regionda güclü olmaq istəyirsənsə, yaxşı qonşuluq münasibətlərinə malik olmalısan. Qonşularla sıfır problem xəttini götürən AKP hələlik bu siyasətə hər vəchlə dəstək verən yalnız Azərbaycan və Gürcüstanla isti münasibətlərə malikdir. Ümid edirəm ki,gələcəkdə baş verəcək transformasiyaların ana xəttini regionun lider dövləti Türkiyə və Azərbaycan öz öhdəsinə götürəcək.

 

 

Azərbaycan Türkiyə əlaqələrinə bu seçkilərin təsiri.

Türkiyə xalqının Azərbaycana münasibətdə dəyişməz iradəsi var. Bu münasibət qan,dil və din bağlılığından irəli gəlir. Azərbaycan və Türkiyə əlaqələri hazırda özünün yüksəliş dövrünü yaşamaqdadır. Istər iqtisadi,istərsə də siyasi,mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Türkiyədə keçirilən sonuncu parlament seçkisi də sübut etdi ki,hakimiyyətə hansı partiya və siyasi qüvvə gəlməsindən asılı olmayaraq bu münasibətlər dəyişən deyil. Necə deyərlər bu sübuta ehtiyacı olmayan aksiomadır. Məlumdur ki,builki seçkilərdə parlamentə daxil olmaq üçün 10%-lik baryeri aşan HDP də daxil oldu.Bu partiyanın əsas qayəsi Ermənistanla sərhədlərin açılması,hər cür siyasi və iqtisadi əlaqələrin bərpasıdır. Eyni zamanda ermənilərin saxta soyqırımının tanınmasını partiya olaraq TBMM-də qaldırmaqdır. Lakin bu təşəbbüslərin nəticə verəcəyi ağlabatan deyil. Çünki CHP və MHP-nin AKP-yə münasibəti nə qədər soyuq olsa da və hətta MHP HDP ilə (+CHP) koalisiyalı hökumətə razılıq versə belə, “qırmızı xətti” mütləq gözləyəcək.

Bu xətt isə işğalçı Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını saxta “genosid”in tanınmasını birmənalı rədd edir. Eləcə də CHP-nin məsələdə mövqeyi artıq çoxdan daşlaşmış kimidir. Ona görə əminliklə söyləmək olar ki, qardaş ölkədə hansı koalisiya qurulur-qurulsun, bundan Azərbaycana və Qarabağ məsələsinə ziyan gözlənilmir.

İkinci bir tərəfdən artıq yekunlaşmış parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin ilk işlərindən biri TANAP layihəsinin başa çatması və tikintisi hələ də davam edən Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişini sürətləndirməkdir. Göründüyü kimi Azərbaycanla Türkiyə arasında olan tellər o qədər möhkəmdir ki, bütün layihələr və dünya dövlətləri üçün həyati önəm kəsb edən projelər bu iki dövlətin imzası olmadan reallaşmır. Bir zamanlar Milli lider Heydər Əliyevin söylədiyi “ Bir millət,iki dövlət ” kəliməsi öz aktuallığını daim qoruyur.

 

 

 

 

Nuranə Çopurova

Qərb Universiteti

Politologiya Fakültəsinin 3-cü kurs tələbəsi

Oxunub: 412 | Tarix: 30-06-2015, 16:13 | Kateqoriya:

Analitika